CƏMİYYƏT
Baş həkim: 2016-cı ildən Azərbaycanda talassemiya xəstələrinin sayında ciddi azalma müşahidə edilib
Bakı, 12 mart, AZƏRTAC
Ölkəmiz üçün aktual mövzu olan qohum evlilikləri məsələsi qan xəstəlikərinin artmasına gətirib çıxarıb. Statistik göstəricilərə əsasən, xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərində baş verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı deyib.
X. Cəfərova Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu qeyd edib.
“Bu gün talassemiya xəstələrinin sayının artmasında qohum evliliklərinin payı çoxdur. Bizim də məqsədimiz odur ki, qohum evliliklərinin qarşısı alınsın. Dövlətimiz bu sahədə ciddi işlər görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-yə yaxın idisə, həmin ildən etibarən xəstə sayında ciddi azalma müşahidə edilib”, - deyə o bildirib.